"Jurnalistlər xəbərləmə funksiyasını həyata keçirərkən hüquq və etik davranış qaydalarının çərçivəsində qalmalıdırlar. Əks halda, onların peşəkarlıqları ciddi sorğulana bilər".
Bunu Lent.az-a media məsələləri üzrə ekspert Ələsgər Məmmədli açıqlamasında deyib
“İntihar hadisələrinə dair xəbərlər yayılarkən xüsusi diqqət edilməlidir. Bu zaman hökmən əməl edilməli çərçivələr var. İntihar hadisələrinə dair informasiyalar daha çox nəticələrinin yaratdığı üzüntülər aspektindən ələ alınmalıdır. Çünki, intiharın "yoluxucu" effekti də var. Başqaları bu nəticələri görərək intihara meyilli olsalar belə, bu yola getməsinlər deyə.
İntihar anının videosunu paylaşmaq etik deyil. Ayrıca, intihar edən şəxsin azyaşlı olmasını nəzərə aldıqda, onun adı, şəxsiyyətini eyniləşdirən digər informasiyalar, görüntüsü, şəkli paylaşılmamalıdır. Amma bizim bəzi media qurumları və bəzi jurnalistlər, habelə sosial mediada ictimai paylaşımlar edən bəzi şəxslər bu çərçivələrə əməl etmədən bu görüntüləri yayır”.
Media eksperti onu da qeyd edib ki, Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 3.11 bəndində birbaşa intiharla bağlı informasiya paylaşan jurnalistin necə davranacağı göstərilib: "İntihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. KİV haqqında Qanunun 11-ci maddəsinin 4-cü bəndi də yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol vermir.
Jurnalistlərdən və ictimai informasiyaları paylaşan hər kəsdən xahişim, intihar hadisələrinin açıq görüntülərini yaymamaları və hadisə zamanı zərər çəkən şəxsin 18 yaşından az olmasını nəzərə alaraq, onun şəxsiyyətinə daha həssas yanaşmalarıdır”.