Lider formulu
05 aprel 2013 15:46 (UTC +04:00)

Lider formulu

0

Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün tələb olunan lider formulası çox vacibdir. Lider  hər bir cəmiyyətin inkişafının əsas qarantı rolunda çıxış edən, dövləti yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və beynəlxalq arenada dövlətinin yerini və mövqeyini qoruyan şəxsdir.

 

Qloballaşan dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, yeni tipli liderlərə ehtiyac duyulur. Dəyişməyən isə liderin malik olduğu ən böyük kapital - xalq etimadıdır. Xalq tərəfindən seçilən, arzu edilən lider xalq mənafeyinin carçısı, yerinə yetirilməsinin səbəbkarı, milli birliyin təəssübkeşi və qoruyucusu kimi çıxış edir. Məhz bu keyfiyyətləri təmin edən şəxs lider səviyyəsinə yüksələ bilər. Lider öz-özlüyündə ideoloq olmalıdır. Çünki dövlətçiliyin əsası siyasi ideya, ideologiya hesab olunur. Lider irəli sürdüyü ideya, ideoloji konsepsiya vasitəsilə ictimai şüura təsir edə, özü haqqında rəy formalaşdıra bilər. Əgər lider onu təqdim etmək iqtidarında deyilsə, siyasi texnologiyaya əsaslansa belə milləti, dövləti irəli apara bilməz. Müasir dövrün lider obrazı daha çox həm siyasi texnologiyalara malik olmalı, eyni zamanda əsaslandırılmış ideoloji konsepsiya formalaşdırmalıdır.

 

Müasir dövr üçün tələb olunan, arzu və idealları yerinə yetirməyə qadir olan lider formulasını belə təklif edərdim: “lider = intellekt + yaradıcılıq + praqmatiklik +rasionallıq”. Lider dövrün tələblərini qiymətləndirməyi bacarmalı, düzgün nəticələr çıxarmalı, fəaliyyətini yalnız bu günə deyil, gələcəyə doğru da istiqamətləndirməli, səmimi olmalı, ictimai rəyi öz arxasınca aparmağı bacarmalı, konkret fəaliyyət nümayiş etdirməli, heç bir təsiri olmayan “quru şüarlarla” çıxış etməməli, çevik və qətiyyətli qərarlar verməyi bacarmalı, xalqının firavan və təhlükəsiz yaşamasını təmin etməlidir. Zamanın tələblərini nəzərə almaqla, düzgün qərarlara imza atmaqla, bu istiqamətdə fəaliyyətə doğru irəliləməlidir. Bütün bu məsələlərin həlli liderin şəxsi keyfiyyətlərinə, inamına və təcrübəsinə əsaslanır.

 

Azərbaycan Respublikasının son bir neçə ildə dünya siyasətində qazandığı uğurlar Prezident İlham Əliyevin siyasi lider kimi özünü təsdiq etməsi ilə əlaqədardır. Lider kimi çoxşaxəli fəaliyyəti ilə o, belə bir missiyanı həyata keçirməyə qadir olduğunu sübuta yetirmişdir. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır.

 

Lider eyni zamanda fəaliyyətində varislik prinsipini də gözləməlidir. Novatorluq bir tələb kimi qarşıya qoyulsa da lider bütövlükdə cəmiyyəti dəyişdirmək iqtidarında deyil. Lider xalqın etimadını qazanmaq, öz fəaliyyətinin doğruluğunu təsdiqləmək üçün gördüyü işlərlə varislik prinsipinə sadiqliyini, daim müqayisəli şəkildə təhlil reallaşdırdığını sübut etməlidir. İlham Əliyevin çoxşaxəli fəaliyyətində bu prinsip açıq şəkildə özünü doğrultmaqdadır.

 

Şübhəsiz lidersiz cəmiyyətin mövcudluğu qeyri-müəyyəndir. Müasir dövrdə Azərbaycan cəmiyyəti üçün zəruri olan lider nümunəsi məhz İlham Əliyev şəxsiyyətində təsdiqini tapmışdır. O, bunu öz fəaliyyəti, düşüncəsi və təcrübəsi ilə sübut etmişdir. Bu gün xalqın ona olan etimadı, inamı isə bu isbatın bariz nümunəsidir.

 

NAİLƏ MƏMMƏDOVA

Şərqi Avropada təhsil alan tələbələr və məzunlar ictimai birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 842

Oxşar yazılar