APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunusun evində aparılan axtarış bu dəqiqələrdə yekunlaşıb.
Leyla Yunus bildirib ki, onların evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Almaniyadakı bank hesablarının plastik kartları, özünün və həyat yoldaşının ümumvətəndaşlıq pasportları götürülüb.
21.19
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü, vəkillər Xalid Bağırov, Elton Quliyev vә hüquq müdafiәçilәri iştirak edir.
Evə jurnalistlər buraxılmayıb.
***
19.31
Leyla Yunusun ofisində aparılan axtarış yekunlaşıb.
APA-nın məlumatına görə, axtarış başa çatdıqdan sonra hüquq müdafiəçisi jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun müəllifi olduğu kitabları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər.
Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün hüquq müdafiəçisinin yaşadığı evə gediblər.
***
16.11
Aprelin 29-na keçən gecə Binə hava limanında Azərbaycanı tərk etmək istəyərkən saxlanılan hüquq müdafiəçisi Leyla Yunus sərbəst buraxılıb. Lent.az-ın məlumatına görə, bu gün L.Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilib. Bir neçə dəqiqə sonra o idarənin binasını tərk edib.
Qeyd edək ki, L.Yunusla bərabər onun həyat yoldaşı Arif Yunus da saxlanılıb. A.Yunus daha sonra özünü pis hiss etdiyi üçün 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.