Baş Prokurorluq kooperativin vəzifəli şəxsləri barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Ayla” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Aparılmış istintaqla MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativin baş mühasibi Əhliman Verdiyevlə birgə kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 37 sakinindən binaya təbii qazın verilməsini, həmçinin mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq toplanmış 77 min 595 manat məbləğində pul vəsaitinin 60 min 297 manatını ələ keçirib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaları müəyyən edilib. Kifayət qədər əsaslar olduğundan Əli Abışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Əhliman Verdiyevə isə həmin məcəllənin 32.5, 178.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.