Fövqəladə Hallar Nazirliyi 2013-cü il ərzində respublika ərazisində baş vermiş müxtəlif hadisələrin və zərərçəkmişlərin statistikasını açıqlayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, il ərzində 8883 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 75 nəfər həlak olub, 127 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 9 nəfər xilas edilib və 63 nəfər təxliyə olunub. 2013-cü il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 8708 çıxış edilmişdir. Onlardan:
- çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1963 çıxış;
- açıq sahələrdə yanğınlar – 4897 çıxış;
- nəqliyyat vasitələrində yanğınlar –378 çıxış;
- digər yanğınlar üzrə - 1470 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 61 nəfər həlak olub, 87 nəfər xəsarət alıb. Bu da 2012-ci il ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 9%, xəsarət alanlar üzrə 1 nəfər və ya 1% çoxdur.
2013-cü il ərzində respublika ərazisində 29 partlayış hadisəsi baş vermişdir ki, bu da 2012-ci il ilə müqayisədə 2 hadisə və ya 7% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olmuş, 32 nəfər xəsarət almışdır.