Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş vermiş yol qəzası ilə bağlı cinayət işi açılıb. Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Fikrət Rzayevin Lent.az-a verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələnən yol qəzası törətmək) maddəsi ilə iş başlanılıb.
Məlumata görə, “Hyundai Accent” markalı avtomobilim kanala aşması nəticəsində yaralanan sürücü, İctimai Televiziyanın aparıcısı Rafiq Məmmədov maşından özü çıxıb. O, əvvəlcə yaşadığı evə aparılıb. Avtomobildə olan sürücünün sərnişini, bacısı Pərvanə Məmmədova isə 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.
****
10:46
Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Suraxanı rayon Polis İdarəsindən anspress-ə bildirilib. Məlumata görə, Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.
Sürücünün İTV telekanalının əməkdaşı olduğu bildirilir. Lakin hələlik onun kimliyi müəyyən olunmayıb. Hadisə nəticəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanə Valeh qızı Məmmədova boğulub.
Dünyasını dəyişən qadının Səhiyyə Nazirliyinin əməkdaşı olduğu bildirilir. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Verilən digər məlumata görə, qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. Qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a P.Məmmədovanın ölüm faktını təsdiqləyib. O, bildirib ki, Pərvanə Məmmədovanın meyiti hazırda 3 saylı şəhər xəstəxanasının morqundadır.