Son günlərdə dəm qazından zəhərlənmə hadisələrinin sayı xeyli artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova Lent.az-a bildirib ki, bazar günü ümumilikdə 30 müraciət daxil olub. Dəm qazından zəhərlənmə ilə müraciət edən şəxslərdən 17-si xəstəxanaya yerləşdirilib. Onlardan ikisi, Bakıxanov qəsəbəsində zəhərlənmiş 60 yaşlı kişi və Nərimanov rayon sakini 8 yaşlı qız xəstəxanada ölüb. Dekabrın 14-də isə 18 müraciət daxil olub ki, onlardan da 14-ü xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dünən Sabunçu rayonunda 19 yaşlı Fatimə Əliyeva, Suraxanı sakini 46 yaşlı Validə Osmanova və Göyçay sakini, 23 yaşlı Aysel Ağayeva dəm qazından boğularaq ölüb.
*****
9:49
Bakıda daha bir nəfər dəm qazından boğularaq ölüb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1967-ci il təvəllüdlü Osmanova Validə Məhərrəm qızı yaşadığı mənzildə hamam otağında olarkən dəm qazından boğulub.
Oxşar hadisə Göyçayda da qeydə alınıb. Alxasafa kənd sakini, 1990-cı il təvəllüdlü Ağayeva Aysel Şamil qızı hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki qadın iki uşaq anası olub. Ölüm faktları ilə bağlı araşdırma aparılır.