İcra başçısının müavini: “Partlayan binanın sahibinə yerlər təklif edəcəyik”
11 mart 2014 17:37 (UTC +04:00)

İcra başçısının müavini: “Partlayan binanın sahibinə yerlər təklif edəcəyik”

Bakı şəhər Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8 ünvanında yerləşən binada baş vermiş partlayışdan sonra orada yaşayan 3 ailəyə ev verilib. Bu barədə Lent.az-a açıqlama verən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov bildirib.

 

Ş. İbadovun dediyinə görə, hazırda bununla bağlı aidiyyatı dövlət qurumları ilə yazışmalar aparılır: “Orada yaşayan 3 ailəni 3 aylıq kirayə pulunu verməklə təhlükəsiz yerə köçürdük. Həmin ailələrin hər birinə metronun “Gənclik” stansiyası yaxınlığında, Koroğlu Rəhimov küçəsində yeni tikilmiş çoxmərtəbəli binada ev verilib və sənəd imzalanıb”.

 

İcra başçısının müavini deyib ki, hazırda partlayışın baş verdiyi binada qeyri-yaşayış sahəsinə sahib olan Azər Əsgərov və digər mülkiyyətçi Elçin Hüseynova dəymiş ziyanın qarşılanması istiqamətində iş aparılır: “ Onların hər birinə müxtəlif yerlər təklif ediləcək. Hansını bəyənsələr, onu da seçəcəklər. Bununla bağlı araşdırmalar aparırıq. Mülkiyyət toxunulmazdır və biz hər bir mülkiyyətçinin razı salmağa çalışırıq”.

 

Qeyd edək ki, bu il martın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahının da yerləşdiyi binada yanğınla nəticələnmiş partlayış  baş verib. Hadisə binanın zirzəmisində ümumi sahəsi 20 kv. m olan bərbərxanada olub.

 

Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv. m sahədə uçub.

 

Bina yanğından mühafizə olunub, yanğın söndürülüb.

 

Daha sonra nazirlik yanğının baş vermə səbəbi ilə bağlı təfərrüatlı məlumat yayıb və bunun zirzəmidəki propan balonlarından və qaz sobasından qaynaqlandığını qeyd edib.

 

Binada araşdırma aparan nazirlik mütəxəssisləri binanın qəzalı vəziyyətdə olduğunu və başladılmasının vacibliyi barədə rəy veriblər. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov  APA-ya deyib ki, onların əməkdaşları yanğın baş vermiş yerlərdə olduğu kimi, burda da müəyyən araşdırmalar aparıblar.

 

Araşdırma nəticəsində binanın keçən əsrin əvvəllərində inşa edilən birmərtəbəli və zirzəmidən ibarət tikili olduğu qeyd edilib: “Uzun illər əvvəl heç bir təhlükəsizlik tədbirləri görülmədən, tikinti norma və qaydalarına uyğun olmayaraq ikinci mərtəbə tikilib. Bununla əlaqədar binanın mövcud konstruksiyası həddindən artıq yüklənib. Agentliyin əməkdaşları konstruksiyaya baxış keçirərək, orda maraqlı bir fakt aşkar ediblər. Birinci mərtəbənin zirzəmisinin üstündə olan örtük ağac konstruksiyalardan ibarət olmasına baxmayaraq, sonradan onun üstündən monolit beton döşəmə konstruksiyası verilib və həmin konstruksiyalar binanın divarı ilə əlaqələndirilməyib. Aşağıdakı ağac konstruksiyalar da çürüdüyündən, döşəmə hər an çökə bilər ki, bu da içəridəki insanların həyatı üçün böyük təhlükə yaradar”.

 

E. Əsədov həmçinin qeyd edib ki, binanın birinci mərtəbəsində daşıyıcı divarlardakı boşluqlar həddən artıq genişlənib, bu isə binanın yükdaşıyıcı qabiliyyətini xeyli aşağı salıb: “İkinci mərtəbədə aşağıdakı daşıyıcı divarlarla əlaqələndirilmədən əlavə arakəsmə divarlar tikilib. Hazırda binanın zirzəmisi və birinci mərtəbəsi tam qəzalı vəziyyətdədir. İkinci mərtəbədən istifadə olunması isə qeyd etdiyim səbəblərdən yolverilməzdir, burdakı insanların həyatı üçün hər an təhlükədir. Məhz bu amilləri nəzərə alaraq bizim mütəxəssislər tərəfindən akt hazırlanaraq, Nərimanov Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib”.

 

Bina artıq boşaldılaraq sökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Nizam Rza

Oxşar yazılar