Zəvvarlar Həccə oktyabrın 2-8-də yola salınacaq
Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfər üçün qruplara bölgüsünə avqustun 15-dən başlanacaq. QMİ- dən APA – ya verilən məlumata görə, bu il Azərbaycandan Həccə gedəcək zəvvarların hər biri 40-45 nəfərlik olmaqla 90 qrupa bölünməsi planlaşdırılır.
Qruplara bölünən zəvvarların səfəri oktyabrın 2-dən 8-ə qədər həyata keçiriləcək. Oktyabrın 2-3-də gündə bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq.
Qeyd edək ki, bu il Azərbaycandan gedən zəvvarlar üçün əvvəldən nəzərdə tutulan 1400 nəfərlik kvota 3600-ə qaldırılıb. Qeydiyyat başa çatdıqdan sonra aparılan hesablamalara görə, sənəd verənlərin sayı yeni müəyyən olunmuş kvotadan da çoxdur, yəni ümumilikdə sənəd verənlər 4000 nəfərdir. Onların arasında ziyarət xərclərini tam ödəməyənlər ixtisara düşəcək və müəyyən olunmuş 3600 nəfər qruplara bölünərək ziyarətə yola salınacaq.
Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək. Azərbaycanda Həcc ziyarətini yalnız QMİ təşkil edir.