Mərhumun ailəsindən APA-ya verilən məlumata görə, C. Əlizadə uzun müddətdir ağciyərində olan xəstəlikdən əziyyət çəkirmiş. Bu xəstəlik müalicəolunmaz hal aldıqdan sonra digər daxili orqanlarda da funksional pozğunluq yaranıb. Nəticədə C. Əlizadənin həyati əhəmiyyətli orqanları öz fəaliyyətini itirib. Mərhum martın 29-da axşam saatlarında dünyasını dəyişib. Onunla vida mərasimi bu gün həyata keçirilir. Mərhumun nəşi günorta saatlarında yaşadığı Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, 1941-ci il təvəllüdlü Hacı Cəbrayıl Əlizadə milli azadlıq hərəkatının fəal iştirakçılarından olub. Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə isə Bakının Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Daha sonra o, Bakı Kəndlər Birliyinin sədri olub və Vəhdət Partiyasının rəhbərliyində təmsil olunub.