Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Nəsir Bayramov ötən prosesdə Gülər Əhmədovanın vəkili tərəfindən verilən vəsatətlərə münasibət bildirib. Prokuror məhkəmədən vəsatətlərin təmin olunmamasını istəyib.
Daha sonra hakimlər müşavirəyə gediblər.
Fasilə zamanı Gülər Əhmədova prosesdə iştirak edən jurnalistlərdən onun fikirlərinin bəzi mətbuat orqanlarında təhrif olunmamasını istəyib: “Mən Elşaddan pul almamışam. Zatən, onun mülki iddiası təmin olunmayıb və zərərçəkən kimi tanınmayıb. Lakin bəzi mətbuat orqanları mənim fikirlərimi başqa cür yazırlar. Elşad Abdullayevin səhifə aldığı qəzetlərə və saytlara isə bildirmək istəyirəm ki, hansısa bir qadını şərləməklə, bir körpəni gözü yaşlıq qoymaqla qazanılan çörək pulu halal deyil, bunu bilsinlər. Azərbaycanın 99 faizi bilir ki, Elşad mənə pul verməyib. Mənim kimi adama pul verərlər?”
Həbsdə olan Şəmsiyyə Bəylərqızının vəkili Elçin Sadıqovun onunla bağlı məlumatlarına toxunan Gülər Əhmədova bunları deyib: “Mənim Elçin Sadıqova baş qoşmağa vaxtım yoxdur. Onun açıqlamaları yalandır. O da mənim adımdan faydalanır. Bur bir ildə mənim adımdan faydalanan adamlar çoxdur. Onlardan biri də Elçin Sadıqovdur. Adımdan kim özünü reklam etmək istəyirsə ona uzun ömür, can sağlığı arzu edirəm. Şəmsiyyə Bəylərqızı ilə heç bir əlaqəm yoxdur. Əgər mənim adımdan reklam olunmaq ona da kömək edəcəksə, buyursun. O da bir anadır. Mənim missiyam adamlara yaxşılıq etməkdir”.
G. Əhmədova ona üç il cəza veriləcəyini gözləmədiyini də deyib.
Müşavirədən qayıdan hakimlər vəsatətlərin təmin olunmaması barədə qərar qəbul olunduğunu bildiriblər.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.
Qeyd edək ki, dünən günün ikinci yarısında Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi barədə vəsatət qaldırıb.
Ə. Talıbov Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahına daxil olunması, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması barədə də vəsatətlər verib.
Vəkil Ə. Talıbov eyni zamanda Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunmasını istəyib.
Məhkəmə vəsatətlərin çox olduğunu əsas gətirərək, prosesin bu günə kimi təxirə salınması barədə qərar vermişdi.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.