Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə keçiriləcək məhkəmə prosesinin bu günə təyin olunan hazırlıq iclası baş tutmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin Qəbul Şöbəsindən APA-ya verilən məlumata görə, cinayət işi üzrə hazırlıq iclası oktyabrın 21-də keçiriləcək.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsindəki mənbədən APA-ya hazırlıq iclasının bu günə təyin edildiyini bildirmişdilər.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
G. Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib.