Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şikayətinə baxılıb. Lent.az-ın məhkəmə prosesini izləyən əməkdaşının sözlərinə görə, proses zamanı G. Əhmədovanın vəkili ümumilikdə 17 vəsatətlə çıxış edib. Vəsatətlər əsasən G. Əhmədovanın həbsinə xitam verilməsi, bəzi şahidlərin ifadələrinin istintaq materiallarına əlavə edilməsi və digər məsələlərlə bağlı olub.
Sabiq millət vəkili çıxış edərək bildirib ki, ona verilən ittihamlarda Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun böyük rolu olub: “Ayxan məndən 20 min manat pul almışdı. Onu geri qaytarmamaq üçün bu oyunu çıxardı. Guya mən onun anasını zəhərləmişəm. Bəzi jurnalistlər də məni qatil kimi qələmə verirlər”.
G. Əhmədova daha sonra qeyd edib ki, ona iş verilməsinin əleyhinə deyil: “Ürəkləri istəyir məni öldürsünlər. Amma hər şey qanunla olsun. Mən heç vaxt tarixdə dələduz kimi qalmayacağam. Azərbaycan xalqının 99 faizi bilir ki, mən günahsızam”.
Sabiq millət vəkili bütün bunları Elşad Abdullayevin qurduğu oyun hesab edərək, əlavə edib: “Hərdən mənə elə gəlir ki, Elşad Abdullayevin vəkilləri ilə üz-üzə qalmışam. Mənə hökm oxunanda düşündüm ki, bunu Elşadın vəkilləri edir”.
Qeyd edək ki, vəsatətin həddindən çox olması səbəbindən proses yanvarın 24-ü, saat 15:30-da davam etdiriləcək.