Göyçay rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alan var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərindəki Natavan küçəsində qeydə alınıb.
Ümumi sahəsi 1890 kvadratmetr olan iki mərtəbəli 48 mənzilli binada yaşayan 1935-ci il təvəllüdlü Ziba İbadovaya məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay və Ucar rayon yanğından mühafizə hissələrinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı mənzilin 72 kvadratmetrlik hissəsi yanıb, qonşu mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı yanıq xəsarətləri alan ev sahibi Ziba İbadova Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ev sahibi və binada yaşayan 30 nəfər yanğınsöndürənlər tərəfindən hadisə yerindən təxliyyə olunub. Məlumata görə ev sahibi Ziba İbadova ruhi xəstədir və mənzildə tənha yaşayır. O, zibilləri evin ortasına toplayaraq yandırıb və bu səbəbdən də mənzil yanıb. Faktla bağlı araşdırma aparılır.