Azərbaycan paytaxtında oğurluğa cəhd edən şəxs girov götürülüb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 6-da Nizami rayonunun Keşlə qəsəbəsində Asya Dəmirovanın evindən oğurluğa cəhd göstərən Sumqayıt şəhər sakini Dimitriy Məmmədov evin sahibinin oğlu Rəfayel tərəfindən tutulub. Sonradan Rəfayel tanışları, qəsəbə sakinləri Zahir Əhmədov, Rövşən Əsədov, Teymur Məmmədov və Emin Babayev ilə birgə D.Məmmədovu döyüb, bıçaqla qulağına xəsarət yetirib, E. Babayevə məxsus evə aparıb orada girov saxlayıb və buraxılması müqabilində onun qohumlarından 2.000 manat pul və ya qızıl əşyaları vermələrini tələb ediblər .
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Dəmirov, Z. Əhmədov, R.Əsədov, T.Məmmədov və E.Babayev saxlanılıb.