Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb.
Lent.az-ın AzərTAc-a istinaədn məlumatına görə, görüşdə ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə media sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib. Bundan başqa, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminlik ifadə edilib.
Ş.Göka xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə TRT-nin daim dəstək verdiyini diqqətə çatdırıb. Ş.Göka onu da qeyd edib ki, TRT tərəfindən ortaq coğrafi məkanda istifadə edilən türk sözlərinin üç dildə (türk, Azərbaycan, türkmən) tələffüzünün əks olunduğu səsli lüğətin hazırlanması üzərində iş yekunlaşmaqdadır. Bu layihə xalqlarımızın daha da yaxınlaşmasına, bir-birilərini daha yaxşı başa düşmələrinə kömək edəcək.
Əli Həsənov TRT-nin fəaliyyətini yüksək qiymətləndirib və layihənin çox yaxşı təşəbbüs olduğunu vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşdə iştirak edib.