Dünyanın ən uzun dırnaqlı adamı, hindistanlı Şirdhar Çillal 9 metr uzunluğundakı dırnaqlarını kəsdirib.
Lent.az haber7.com-a istinadən bildirir ki, 83 yaşlı hindistanlı Çillalın dırnaqları Nyu-Yorkun "Believe it or not!" muzeyində sərgilənəcək. 66 ildir dırnaqlarını kəsməyən Şirdar Çillal mediaya açıqlamasında bildirib ki, dırnaqlarını kəsməyi heç kim ondan xahiş etməyib, özü muzeyə bağışlamaq qərarına gəlib.
2014-cü ildə 910 santimetrlik dırnağı ilə "dünyanın ən uzun dırnaqlı adamı" adını qazanan 83 yaşlı qoca hələ məktəb illərindən dırnağını uzatdığını söyləyib:
“Məktəbdə sinif yoldaşımla birləşib müəllimimizin uzun dırnağını qırmışdıq. Buna görə müəllim bizi yamanca şillələmişdi. Demişdi ki, siz uzun dırnaqların nə olduğunu bilməzsiniz. Ondan sonra mən də dırnaqlarımı kəsmədim. Uzatmağa başladım. Son vaxtlar rahat yata bilmirdim. Dırnaqlarım məni narahat edirdi. Qırılmaması üçün yuxudan oyanmaq məcburiyyətində qalırdım. Ona görə də dırnaqlarımı kəsib muzeyə vermək məcburiyyətində qaldım”.