Daxili İşlər Nazirliyi Bakıda baş vermiş avtabus qəzaları ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 14-də saat 18 radələrində Xətai rayonunun Zığ yolu küçəsində sürücüsü müəyyən edilməyən 51 saylı xətt üzrə idarə edilən və Bakı şəhər sakini Fəxrəddin Həziyevin idarə etdiyi “Daewoo” markalı avtobuslar toqquşub. 51 saylı xətt avtobusunda olan 6 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Əsgər Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.
Bənzər hadisə Xəzər rayonu Binə qəsəbəsində də baş verib. Fevralın 14-də saat 14 radələrində Bakı şəhər sakinləri Əmirxan İsayevin idarə etdiyi “Daewoo” markalı avtobusla Abbas Abbaszadənin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Nəticədə avtobusda olan sərnişinlərdən 4-ü xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.