Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisində yaşadığı evdə intihar edən və polis əməkdaşı olduğu bildirilən Qasımov Asif Xanlar oğlu ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elə bir adlı şəxs daxili işlər orqanlarında çalışmayıb: “Həmin şəxs polis işçisi olmayıb və daxili işlər orqanlarında çalışmayıb. Onun Daxili İşlər Nazirliyinə hər hansı aidiyyatı yoxdur”.
Qeyd edək ki, aznews.az-ın əməkdaşı iştirakçı qismində mərhumun Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus, ev 39 ünvanında təşkil olunan yas mərasimində iştirak edib. Və Asif Qasımovla bağlı olduqca ilginc məlumatlar əldə edib. Məlum olub ki, Asif Qasımovun müdiri olduğu anbarda bir müddət əvvəl Vergilər Nazirliyinin əməkdaşları tərəfindən ciddi yoxlamalar aparılıb. Yoxlama nəticəsində külli miqdarda vergidən yayınma faktı müəyyən edilib. Bu isə A. Qasımovu olduqca çətin vəziyyətə salıb. İntihar hadisəsinin də bu məsələ ilə əlaqəli olduğu istisna edilmir. Çünki vergidən yayındırılan vəsaitin həddindən artıq böyük olduğu və A. Qasımovun həmin vəsaiti ödənməsi ilə bağlı çətinliklərinin olduğu söylənilir. Adının çəkilməsini istəməyən mərhumun yazınlarından əməkdaşımıza bildiriblər ki, o, son günlərdə həbs olunacağını söyləyirmiş. Hadisə baş verən ünvanda başqa bir maraqlı və diqqətçəkən məqamla da qarşılaşıb. Belə ki, o, mərasimdə Elşad Abdullayevlə sabiq millət vəkili Gülər Əhmədovanın videoqalmaqalında hallandırılan mərhum Sevinc Babayevanın oğlu ilə qarşılaşıb.
A. Qasımovun yaxınları ilə söhbətdən məlum olub ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov mərhumun qızı ilə evlidir. Beləliklə, intihar edən DİN rəsmisi Sevinc Babayevanın qudası olub.