Bu gün Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə törədilən cinayətlərin, o cümlədən şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması" və "Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi" sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.
R. Usubov çıxışında deyib ki, mülkiyyət əleyhinə olan hüquqazidd əməllər respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olmuş, Kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib.
Daha sonra R. Usubov yol hərəkəti təhlükəsizliyinin təminini insanların həyatının, sağlamlığının və mülkiyyətinin qorunması sahəsində çox vacib funksiyalardan biri olmaqla ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırıb, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə çıxış edərək deyib ki, son bir il üç ayda ümumi cinayətlərin strukturunda mülkiyyət əleyhinə olanların xüsusi çəkisi orta hesabla 43 faiz, bağlı qalmışların strukturunda isə 73 faiz təşkil edib. Ərazi polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müvafiq cinayətləri törətmiş 1342 nəfərdən ibarət 939, o cümlədən şəxsi əmlak oğurluqları törətmiş 972 nəfərdən ibarət 358 qrup zərərsizləşdirilmiş, axtarışda olan 1020 nəfər tutulub. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, eləcə də "102" və "Təhlükəsiz şəhər" xidmətlərinin iştirakı ilə 150 oğurluq və 59 ona cəhd, 21 nəqliyyat vasitəsinin qaçırılması, 2 dələduzluq və s. cinayətlər "isti izlərlə" açılıb.
O da qeyd olunub ki, ümumən, mülkiyyət əleyhinə olan 7482, o cümlədən 3726 şəxsi əmlak, 882 mənzillərdən edilən, 417 mal-qara oğurluğunun, 125 cibgirlik faktının, keçmiş illərdən bağlı qalmış 251 müvafiq cinayətin açılması təmin olunub, bu əməllərə görə 3365 nəfər, habelə axtarışda olan 1133 təqsirləndirilən şəxs tutulub.
Cari ilin birinci rübündə Baş İdarənin cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında ərazi orqanları ilə keçirilmiş birgə tədbirlərlə Binəqədi, Xəzər, Nərimanov, Xətai, Suraxanı, Səbail, Nəsimi, Qaradağ və Abşeron rayonları ərazisində 103 mənzil oğurluğu törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qrup, Binəqədi rayon polis idarəsi tərəfindən isə paytaxt ərazisində 278 oğurluq faktı törətmiş 125 nəfərdən ibarət 74 cinayətkar qrup zərərsizləşdirilib.
Mühafizə xidmətləri tərəfindən 2013-cü ildə 6177 obyekt, o cümlədən 2227 mənzil qorunub. İlin əvvəlindən qorunan obyekt və mənzillərin sayı 322 vahid artıb, mühafizə olunan obyektlərdə 130 oğurluğun qarşısı alınıb.
Ötən il mülkiyyət əleyhinə olan cinayətlərin açılması 70,5 faiz təşkil edib, cari ilin 3 ayında isə mülkiyyət əleyhinə olan cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz, soyğunçuluqların açılması 18 faiz, şəxsi əmlak oğurluqlarının açılması 2,5 faiz, mal-qara oğurluqlarının açılması 19,0 faiz, avtomaşınlardan edilən oğurluqların açılması 19,7 faiz yaxşılaşıb.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilib. Hazırda ölkə üzrə orta hesabla hər 8 nəfərə bir avtomobil düşür və qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayı 1.245.000-i ötüb.
Ekoloji təhlükəsizlik məsələlərinə dair standartların qəbulu üçün müvafiq Dövlət Agentliyi ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülüb. Atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il “Təmiz hava” aylıqları da keçirilir.
Qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində başlıca amillərdən olan sürücülərin və hərəkətin digər iştirakçılarının intizamının gücləndirilməsi üzrə profilaktik tədbirlərlə təkcə 2013-cü ildə 1.429.781, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 10.424, sürət həddinin aşılması üzrə 299.368, ötmə qaydalarının pozulması ilə əlaqədar 28.699, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 4.727 inzibati xəta müəyyən olunmuş, 100 mindən çox piyada barəsində protokol tərtib edilib.
Avtoxuliqanlıq etdiyinə görə 703 sürücü, şüşələrinə plyonka və örtüklər çəkilmiş 11.578 avtomobil aşkarlanmış, 2.636 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb. Aşkarlanmış qayda pozuntularının sayı əvvəlki illə müqayisədə 408.659 fakt çox olub.
Hadisələrin baş verməsinə bilavasitə təsir göstərən avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı mübarizənin gücləndirilməsi barədə Kollegiya qərarlarına, DİN-in göstəriş və tapşırıqlarına müvafiq olaraq, analoji xətalar, əvvəlki ilə nisbətən 2013-cü ildə 2,2 dəfə çox aşkarlanıb və nəticədə, bu səbəbdən törənən qəzalar 30 faizədək azalıb.