Dekabrın 15-nə keçən gecə Bakıda avtomobil qaçırıb ağır qəza törədən yeniyetmələrlə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Xutor adlanan ərazidə kirayədə yaşayan Zərdab sakini Fərid Həbibi, Ucar sakini Zəhra Fətəliyeva və Məhəmməd Mehdiyev həmin gecə saat 02 radələrində “Yeganə” şadlıq evinin yaxınlığından “VAZ 2106” markalı avtomobili qaçırıblar. Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Abşeron rayon Polis Şöbəsinin müstəntiqi Anar Bağırov Lent.az-a bildirib ki, yeniyetmələr avaralığa meylli olub və eyni məhəllədə yaşayırmış.
Müstəntiqin sözlərinə görə maşını qaçırdıqdan sonra Masazıra gələn məhəllə uşaqları mağazadan pul və siqaret oğurladıqdan sonra gecə bir neçə saat hara gəldi maşını sürüblər. Hadisə də Ceyrabatanda baş verib. Kanala aşan maşından 3 yeniyetmə oğlan çıxa bilib, 19 yaşlı Zəhra Fətəliyeva isə suda boğulub.
Hazırda yaralı oğlanların müalicəsi davam etdirilir. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. İlkin araşdırmalar zamanı yeniyetmələrin sərxoş olması və ya narkotik vasitə qəbul etməsi faktı müəyyən edilməyib.
*****
16.12.2013 / 15:11
Bakıda avtomobil qaçıran yeniyetmələr ağır qəzaya düşüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 14-ü saat 05 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində Zərdab rayon sakini Fərid Həbibi idarə etdiyi “VAZ 2106” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb. Onun sərnişinlərindən - Ucar rayon sakini Zəhra Fətəliyeva suda boğulub, özü və digər sərnişini - Bakı şəhər sakini Məhəmməd Mehdiyev xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Gürcüstan vətəndaşı Namiq Hüseynova məxsus olması və həmin gün Nəsimi rayonu R.Məmmədov küçəsindən F.Həbibi tərəfindən qaçırılması, Masazır qəsəbəsinə sürüb, qəsəbə sakini Ramin Əmircanova məxsus mağazadan pəncərədən girmək yolu ilə 50 manat pul və tütün məmulatı oğurlaması müəyyən edilib. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, avtomobili qaçırmış şəxslər yeniyetmə olub. 17 yaşlı F.Həbibi dostları ilə birlikdə qonşuluqda yaşayan Namiq Hüseynovun 01 BC 821 nömrə nişanlı avtomobilini qaçırıb. Qəza zamanı avtomobildə olan F.Həbibinin dostu, 16 yaşlı Zəhra Fətəliyeva avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.
******
14 dekabr 11:40
14 dekabr 2013-cü il tarixdə, saat 05:48-də 112 Xidmətindən Abşeron rayonu Bakı-Quba magistral yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə məlumata əsasən Abşeron rayonu Xırdalan şəhəri üzrə xilasediciler qurupu və xilasedici-dalğıclar qrupu hadisə yerinə çıxıb. FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1996-cı il təvəllüdlü Həbilli Fərid Feyruz oğlunun idarə etdiyi VAZ 2106 markalı 01-BC-821 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Avtomobildə olan iki nəfər sərnişin (kişi) və sürücü avtomobildən özləri çıxıblar. Lakin bir nəfər sərnişin (qadın) aldığı xəsarətlərdən qəza zamanı vəfat edib. Hadisə yerinə çatmış Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-dalğıcları avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişinin (qadın) cəsədini xüsusi alət və avadanlıqlarla adıçəkilən avtomobildən çıxarmış, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının və hüquq mühafizə orqanları əməkdaşlarına təhvil veriblər.