Bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında bir neçə məhbusdan telefon götürülüb. Lent.az-ın məlumatına görə, üzərində mobil telefon tapılan şəxslərdən biri 1993-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.2; 221.3 və 29, 120.2.7 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elvin Xanlar oğlu Mikayılov olub. Üzərinə baxış keçirilərkən E.Mikayılova məxsus ayaqqabının içərisində gizlədilmiş daxilində danışıq kartı olmayan 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Lent.az-ın məlumatına görə, E.Mikayılov bu ilin avqust ayında 32 yaşlı Yaşar Dəryaquliyevin boğazını kəsərək onu qətlə yetirib. 25 yaşlı E.Mikayılov qətlə yetirdiyi şəxsin qardaşı, 29 yaşlı Vüqar Dəryaquluyevə bıçaqla 2 zərbə endirib. Hadisəyə səbəb isə Y.Dəryaquliyevin avtomobillə onun maşınının yanından sürətlə keçməsi olub. “Niva” markalı avtomobillə onu keçən maşına çatan E.Mikayılov qardaşlara hücum edib və ağır cinayət törədib.