fevralın 24-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş silahlı insident zamanı güllələnən şəxslərdən daha biri ölüb. Lent.az-ın məlumatına görə, ağır xəsarət almış 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev bu gün xəstəxanada keçinib. 1959-cu il təvəllüdlü Gülağa Lətifovun güllələdiyi Fərid Qədirov isə hadisə zamanı dünyasını dəyişmişdi. Hazırda xəstəxanada olan polis polkovniki Akif Nəzərovun vəziyyəti normallaşıb. Onun oğlu, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin təhqiqatçısı olan Asif Nəzərovun vəziyyəti isə orta ağırdır.
Dünən həbs edilən Gülağa Lətifov ilkin ifadəsində hadisəni mübahisə zəminində, ona ünvanlanmış təhqiramiz ifadələrə görə törətdiyini bildirib. Əslən Laçın rayonundan olan və Kürdəmir rayonunda daimi yaşayış qeydiyyatında olan G.Lətifov barəsində Cinayət Məcəlləsinin 120.1 və 29.120.2.7-ci maddələri ilə iş başlanılıb.
*****
24.02.2014 / 00:51
Bakının Sabunçu rayonunda baş verən atışmanın bəzi təfərrüatları da məlum olub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun ərazidə aparmaq istədiyi tikinti ilə bağlı qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovla mübahisə etməsi olub.
Belə ki, qəsəbədəki 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər etiraz ediblər. Həmin küçənin daha bir sakini Nazim Süleymanov APA-ya deyib ki, G. Lətifov məktəbin balansında olan əraziyə daş tökdürərək qanunsuz tikintiyə başlamaq istəyib. Ona tikinti aparmaması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilib.
Lakin G. Lətifov bu gün tikintiyə başlayıb, sakinlər isə ona mane olmağa çalışıblar. Bu zaman G. Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovu ağır yaralayıb, ərazidə olan digər qonşu Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən ölüb.
G. Lətifov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları ərazidə işləyir.
***
22: 14
Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə qonşular arasında baş verən mübahisə zəminində baş verib.
Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Sabunçu qəsəbəsində yaşayır. Onun Gülağa (soyadı məlum deyil) adlı qonşusu ilə aralarında mübahisə düşüb. Gülağa yaşadığı evdən ov tüfəngini götürərək, A. Nəzərovun yaşadığı evə gəlib və onlara atəş açıb. Bu zaman güllələrdən biri qonşuları sakitləşdirmək istəyən digər qonşu Fərid Qədirova dəyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.
A.Nəzərov və oğlu Asif, həmçinin onların yanında olan daha bir qonşu, Yusif Əlipaşayev də güllə xəsarəti alıblar.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən şəxs qaçıb, onu saxlamaq hələlik mümkün olmayıb.
Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
***
21:31
Bakıda baş verən silahlı insident zamanı xəsarət alan şəxslərin diaqnozu məlum olub.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, baş verən hadisə nəticəsində Asif Nəzərov və Yusif Əlipaşayev qarın boşluğunun deşilmiş güllə yarası, Akif Nəzərov isə sağ sarğı nahiyəsinin deşilmiş güllə yarası və çanağın zədələnməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.
Hazırda hər üç şəxsin üzərində cərrahiyə əməliyyatı aparılır.
Qeyd edək ki, Akif Nəzərov Suraxanı rayon Polis İdarəsinin rəis müavini, onun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin təhqiqatçısıdır.
***
21:12
Bakıda polislə silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb.
Hadisə nəticəsində Suraxanı rayonu Polis İdarəsinin rəis müavini, 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
F. Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyirlər.
Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Asif Nəzərovun Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır.