Bakı şəhərinin Səbail rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri, 1970-ci il təvəllüdlü Nefodiyev İnnokenti Vyaçeslavoviç tanımadığı şəxs tərəfindən soyulub. Bakıxanov küçəsi 17 ünvanında yerləşən Rusiya səfirliyində müvəqqəti qeydiyyatda olan və yaşayan müşavir saat 00 radələrində İstiqlaliyyət küçəsi 53 ünvanının qarşısında tanımadığı şəxslə qarşılaşıb. Həmin şəxs İnnokenti Nefodiyevə yaxınlaşaraq 1 manat pul istəyib. Səfirlik əməkdaşı da pul qabını çıxararaq ona pul vermək istəyib. Elə bu zamanı naməlum şəxs Rusiya vətəndaşının əlindəki pul qabını alaraq qaçıb.
Pul kisəsinin içində 100 manat və xidməti vəsiqə olub.
Hazırda soyğunçunun tutulması istiqamətində tədbirlər görülür.