Bakıda vətəndaşların avtomobillərini əlindən alaraq quldurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 1-də Q.Qarayev prospektində yerləşən bazarın qarşısında Bakı şəhər sakini Natiq Musayevin taksi kimi fəaliyyət göstərən «VAZ-2106» markalı avtomobilinə 2 naməlum şəxs minərək onları Bakıxanov qəsəbəsinə aparmağı xahiş edib. Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində N.Musayevə bıçaqla hədə-qorxu gələrək avtomobili əlindən alıb aparıblar.
Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi «VAZ-2107» markalı avtomobilə minərək Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən alıblar. Yanvarın 7-də isə Suraxanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum şəxs, Bakı şəhər sakini Sənan Şəmilovun idarə etdiyi «Mercedes» markalı avtomobilə sərnişin kimi minib. Hər iki şəxs Zığ şosesinin Qaraçuxur qəsəbəsi ərazisində S.Şəmilovu bıçaqla hədələyib avtomobili ondan alıb gedib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Rəcəbov, Tərtər rayon sakini Seymur Zeynalov, Şərur rayon sakini Yavər Abbasov, Kəlbəcər rayon sakini Elşən Orucov və Şəmkir rayon sakini Əfqan Aslanov avtomobillərlə birlikdə tutulublar.
Araşdırmalar davam etdirilir.