Bakıda, xüsusi ilə Hövsan qəsəbəsində qadınları qorxu içində saxlayan seksual manyakla bağlı yeni məlumat var. Lent.az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə daxil olan çoxsaylı şikayət ərizələrindən sonra iki dəfə saxlanılan və daha sonra sərbəst buraxılan 32 yaşlı Əhmədov Hacıbaba Bayram oğlu noyabrın 7-də həbs edilib. Suraxanı rayon məhkəməsi H.Əhmədov barsində istintaq müddətində 2 ay müddətində həbs-qətimkan tədbiri seçib. Bundan sonra H.Əhmədovun vəkili apelyasiya şikayəti verərək həbs qərarının dəyişdirilməsini tələb edib. Lakin Apelyasiya məhkəməsi qərarı dəyişməyib.
Qeyd edək ki, oktyabr ayı ərzində iki dəfə saxlanılaraq 30-cu polis bölməsinə gətirilən H.Əhmədov sonradan sərbəst buraxılıb. Onun əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb.
Onu da qeyd edək ki, H.Əhmədovun əməlləri ilə bağlı polisə 10-a yaxın şikayət ərizəsi daxil olub. Şikayətçi qadınlar H.Əhmədovun gecə saatlarında onlara hücum etməsi, yerə yıxıb seksual xarakterli hərəkətlər etməsi, foto və videolar çəkməsi, hətta gecələr evlərin pəncərəsindən mənzillərdəki qadınları güdməsi və onları lentə alması məzmununda ərizələr yazıblar. Bundan sonra H.Əhmədovun telefonu və məlumat daşıyıcısı olan disklər müsadirə edilib. Telefon və disklərdə şəhərin müxtəlif yerlərində, həyətlərdə, məktəblərdə, avtobuslarda çəkilmiş yüzlərlə müxtəlif qadın və məktəbli qız şəkillərinin olması üzə çıxıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.