Bakıda qadına qarşı quldurluq edilib. Lent.az-ın məlumatına görə, 31-ci Polis Bölməsinə müraciət edən Nazlı Ramazanova bildirib ki, mindiyi taksidə 4 nəfər kişi ona qarşı zorakılıq edib.
Qadın iddia edib ki, Ramanı qəsəbəsi yaxınlığında markasını dəqiq bilmədiyi taksiyə minib. Yolu bir qədər getdikdən sonra taksi sürücüsü avtomobili saxlayıb və maşına daha 3 nəfər götürüb. Qadın etiraz etdikdə sürücü həmin şəxslərin onun dostu olduğunu və qarşıdakı küçədə düşəcəklərini deyib. Lakin sonradan maşına minən sərnişinlər taksidən düşməyib və sürücü avtomobili 6-cı mədən adlanan əraziyə, “Titanik” restoranının yaxınlığında kimsənin olmadığı yerə sürüb. Burada onlar N.Ramazanovaya qarşı zorakılıq ediblər və əlindəki çantasını da alaraq sürətlə uzaqlaşıblar.
N.Ramazanova şikayət ərizəsində qeyd edib ki, çantada şəxsi əşyalar, kosmetika və 520 manat pul olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.