Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayon məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesi öncəsi baş verib. Məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalını və həyətini tərk olunmasını tələb edən dövlət məmurları ilə məhkəməyə gəlmiş vətəndaşlar arasında problem yaranıb. Hadisə ilə əlaqədar bir neçə şəxs saxlanılıb. Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, T.Bağırovun yaxınları və tərəfdarları məhkəmə zalında müxtəlif şüarlar səsləndirməklə, ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin normal işini pozmağa cəhd ediblər. Onlar Ədliyyə Nazirliyi işçiləri və polis əməkdaşlarının intizama dəvət edən qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Eyni zamanda həmin şəxslər müəyyən xuliqanlıq hərəkətləri etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və bir neçə əməkdaşa xəsarətlər yetiriblər. Qanunazidd əməllərin fəal iştirakçılarından bir neçəsi polis tərəfindən saxlanılıb.
*****
11:02
Oktyabrın 28-də Bakıda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Lent.az-ın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu rayon Məhkəməsinin inzibati binasının qarşısında baş verib. Bir qrup şəxs Penitensiar xidmətin xüsusi avtomobili ilə məhkəmə binası qarşısına gətirilən məhbusların binaya daxil olmasına imkan verməyib. Həmin şəxslər Ədliyyə Nazirliyinə məxsus olan avtomobili dövrəyə alıblar.
Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onlar Penitensiar xidmətin nəzarətçiləri ilə birlikdə məhkəmə iclasının gedişinə mane olan şəxsləri uzaqlaşdırmağa çalışıb. Bu zaman mülki şəxslərlə polislər arasında qarşıdurma yaranıb. Həmin şəxslər dəmir parçası və digər əşyalarla polisə hücum edib. İnsident zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Lent.az yaralanan polislərdən ikisinin adını dəqiqləşdirib. Bunlar polis serjantları Fərəməz İmanov və Samir İsmayılovdur.
Hadisə ilə bağlı araşdırmalar başlanılıb və Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.