Bakıda iki ailəni məhv edən qan davasının kökündə nə durur?
28 mart 2014 16:43 (UTC +04:00)

Bakıda iki ailəni məhv edən qan davasının kökündə nə durur?

Bakının Zabrat 1 qəsəbəsində iki nəfərin qətlinə, 2 nəfərin ağır yaralanmasına və daha iki nəfərin həbsxanaya düşməsinə səbəb olan qan davası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, 2012-ci ilin yanvar ayında Musayevlər və Fərəcovlar ailələri arasında başlayan qan davasına söyüş səbəb olub.

 

Hər iki ailə qonşuluqda yaşasa da, onlar arasında münasibətlər daha əvvəldən pozulub. 2012-ci ilin yanvar ayında telefon vasitəsi ilə qonşuların söyüşməsi münasibətləri daha da kəskinləşdirib. Elə həmin gün Fərəcovlar ailəsinin iki övladı Kamil və Rafael Rabil Musayevin işlətdiyi mağazaya gedərək münaqişəyə davam ediblər. Əsas narazılıq da Kamil Fərəcovla Rabil Musayev arasında olub. Lakin R.Musayevin bıçaqladığı qardaşlardan Rafael Fərəcovun həyatını xilas etmək mümkün olmayıb.

 

Bundan sonra K.Fərəcov psixoloji sarsıntı keçirib. Rabil Musayevə 14 il həbs cəzası verilsə də, hər iki ailə arasındakı gərginlik azalmayıb. Nəhayət martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında Kamil Fərəcov ov tüfəngi ilə Rabil  Musayevin 20 yaşlı oğlu Yaqubu güllələyərək öldürüb. Onun qohumu 23 yaşlı Pərvin Mehdiyev isə ağır yaralanıb.

 

Bəzi mənbələrdə qətlə yetirilmiş Yaqub Musayevin Türkiyədə təhsil aldığı bildirilsə də, bu məlumat həqiqətə uyğun deyil. Məlum olub ki, Y.Musayev Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin tələbəsidir və Novruz bayramı tətili ilə bağlı ailəsinin yanına gəlibmiş.

 

Qeyd edək ki, məlum hadisələr nəticəsində ailələrdən biri yeganə oğlunu itirib. Digər ailənin iki oğlan övladının həyatı da məhv olub. Onlardan biri iki il əvvəl öldürülüb. Kamil Fərəcovu isə uzun həbsxana illəri gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6469
avatar

Nizam Rza

Oxşar yazılar