2 gün əvvəl Bakıda dəm qazından boğularaq ölən 27 yaşlı gəncin tanınmış idmançı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də bədbəxt hadisə nəticəsində dünyasını 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kikboksinq üzrə Azərbaycan çempionu imiş. Mərhumun dostu, əlbəyaxa döyüş üzrə 3 qat dünya çempionu Anar Süleymanov Lent.az-a bildirib ki, Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev dekabrın 28-nə keçən gecə hamamda olarkən keçinib. Bu gün R.Quliyevin 3 mərasimidir.
Verilən məlumata görə, Roman Quliyev 57 kiloqram çəkidə çıxış edirmiş. Onun qardaşı Rolan Quliyev də peşəkar kikboksçudur. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısıdır.
*****
28.12.2013 / 11:12
Bakıda gözəgörünməz kabus 3 nəfəri hamamda öldürdü
Bakıda daha 3 nəfər dəm qazından boğulub. Lent.az-ın məlumatına görə, Xətai rayonu Əmirxan küçəsi 5/1 ünvanında 1990-cı il təvəllüdlü Babayeva Xatirə İltifat qızı hamam otağında dəm qazından boğularaq ölüb. Digər iki hadisə isə Nərimanov rayonunda qeydə alınıb. A.Heydərov küçəsindəki mənzilin hamamında 1960-cı il təvəllüdlü Rüstəmova Solmaz Rüstəm qızı, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də isə 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu dəm qazından boğularaq ölüb.
Hər bir fakt üzrə müvafiq araşdırmalar aparılır.