Bakı şəhərinin Xəzər rayonu ərazisində seksual xarakterli hərəkətlərinə görə bir qrup şəxs tərəfindən amansızlıqla döyülən və 2 gün sonra ölən şəxsin bədənində intihara xas əlamətlər aşkar edilib. Xəzər rayon Prokurorluğunun müstəntiqi Cavid Səfərlinin Lent.az-a verdiyi məlumata görə, avqustun 21-də axşam saatlarında Mərdəkan rayonundakı yaşayış evində 1980-ci il təvəllüdlü Abuzərov Elnur Əbülfəz oğlunun meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub: “Bununla bağlı məhkəmə tibbi ekspertinin və prokurorluq nümayəndələrinin iştirakı ilə meyitə baxış keçirilib. E.Abuzərovun qol nahiyəsində intihara xas kəsik xəsarətləri aşkar edilib. Fakta görə prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb və hazırda istintaq aparılır. Saxlanılan yoxdur”.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən isə Lent.az-a bildirilib ki, bir neçə gün əvvəl 33 yaşlı Elnur Abuzərovun Dübəndi qəsəbəsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət ərizəsi daxil olub. Bundan sonra, yəni avqustun 19-dan 20-nə keçən gecə qəsəbədə bir qrup şəxsin E.Abuzərovu döyməsi barədə məlumat gəlib və polis dərhal əraziyə gedib. Burada Dübəndi qəsəbə sakinləri Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçovun Elnur Abuzərovu vəhşicəsinə döyməsi, hətta onu linç etməsi faktı müəyyən edilib. Qəsəbə sakinləri polisə E.Abuzərovu aparmağa imkan vermirmiş. Lakin polis çətinliklə də olsa E.Abuzərovu onların əlindən alıb və bölməyə gətirib. Burada E.Abuzarovun xəsarətləri ilə bağlı ekspertizalar təyin edilib və o qardaşının himayəsinə verilib. Avqustun 22-nə keçən gecə isə o, qardaşının evində ölüb.
Lent.az-ın verdiyi digər məlumata görə, E.Abuzərov yuxarıda adları çəkilən şəxslərdən birinin azyaşlı oğlunu zorlamağa cəhd göstərdiyinə görə döyülüb. E.Abuzərov oğlana ona küçük göstərəcəyi vədi verərək evə gətirib. Burada isə zorlamağa cəhd göstərdiyi uşaq onun əlindən qaçıb və evə gedərək başına gələnləri valideynlərinə danışıb.
Qeyd edək ki, Xəzər rayon Məhkəmə-tibb ekspertizası şöbəsindən vesti.az-a bildirilib ki, ölüm döyülmə deyil, zəhərlənmə nəticəsində baş verib. Yəni, Abuzərov axşam qardaşının evində sirkə turşusu içib və ölüb.
E.Abuzərov baş verənlərə görə sarsıntı keçirməsi və buna görə intihar etməsi istisna edilmir.
******
13/29
Bakıda dəhşətli qətl hadisəsi törədilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avqustun 19-da Xəzər rayonunun Dübəndi yaşayış sahəsində Naxçıvan Muxtar Respublikasının sakini 1980-ci il təvəllüdlü A.E bir neçə nəfər tərəfindən amansızlıqla döyülüb. Mərdəkanda qardaşının evində ağır vəziyyətdə saxlanılan 33 yaşlı A.E dünən keçinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, A.E bir neçə gün əvvəl Dübəndidə etdiyi seksual xarakterli hərəkətinə görə yaşadığı qəsəbənin sakinləri tərəfindən vəhşicəsinə döyülüb. Məlum olub ki, 33 yaşlı şəxs qonşuluqda yaşayan azyaşlı oğlanı ona it balası verəcəyi ilə bağlı vəd verərək aldadıb və yaşadığı evin həyətinə gətirib. Burada A.E azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.
Məsələdən qəsəbə sakinləri xəbər tutublar. Onlar ayın 19-da A.E-ni Dübəndidə küçədə yaxalayaraq vəhşicəsinə döyüblər. Hətta A.E-nin boğazına zəncir keçirərək onu sürüyüblər. Hadisə yerinə gələn polislər hisslərinə hakim ola bilməyən qəsəbə sakinlərinin əlindən A.E-ni güclə alıb.
Araşdırmalar zamanı A.E-ni döymüş şəxslərdən 3-ü, Dübəndi sakinləri Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçov müəyyən edilib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.