Bu gün Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtobusda baş vermiş silahlı insident zamanı ölən şəxsin kimliyi məlum olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov küçəsində, 6 saylı xətt üzrə hərəkət edən avtobusda güllə yarası alan və xəstəxanaya çatdırılarkən ölən şəxs 1975-ci il təvəllüdlü Məmmədov Vəfadar Yunis oğludur. Onu güllələyən şəxs isə 1985-ci il təvəllüdlü Xəlilov Anar Aqil oğlu olub. A.Xəlilov tutulub. O ilkin ifadəsində bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. A.Xəlilov deyib ki, silahı çıxardığı zaman ehtiyatsızlıqdan atəş açılıb və güllə qarşıda dayanmış V.Məmmədovun kürək nahiyəsinə tuş gəlib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları araşdırmalar aparır.
****
13:52
Bakıda silahlı insident olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.