Bakıda sərnişin avtobusunda xəsarət alan 25 yaşlı oğlan ölüb. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl Binəqədi rayonunda, 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusda 1989-cu il təvəllüdlü Abdulhəşimov Vasif Vidadi oğlu ağır xəsarət alıb. Sərnişin avtobusunun sürücüsü sürətlə hərəkət edən nəqliyyat vasitəsini qəfil tormozlayıb. Bu zaman arxa tərəfdə dayanmış V.Abdulhəşimov qeyri-ixtiyari önə tərəf sıçrayıb və sürücünün arxa tərəfindəki metal dirəyə çırpılıb.
Döş qəfəsindəki zədə ilə əlaqədar gənc oğlan xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər və zərərçəkən evə buraxılıb. Lakin dünən V.Abdulhəşimovun vəziyyəti yenidən ağırlaşıb. Bu dəfə xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, V.Abdulhəşimov daxili qanaxma və orqanların zədələnməsi səbəbindən ölüb.
Faktla bağlı araşdırma aparılır.