Oktyabrın 22-də Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı 112 xidmətinə yalan məlumat verən şəxs həbs olunub. Lent.az-ın məlumatına görə, metronun “Nərimanov” stansiyasında gərginliyə səbəb olmuş zəng edən şəxs, Ağcabədi şəhər sakini 1993-cü il təvəllüdlü Cəbrayılov Nurlan Rəhman oğlu dünən axşam saatlarında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş başlanılıb.
Lenr.az-ın əldə etdiyi məlumata görə, N.Cəbrayılov daha əvvəl də eyni əməli törədib, lakin həmin vaxt həbs edilməyib.
*****
22.10.2013 18:19
Bu gün Bakıda, metronun Nərimanov stansiyasında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı yalan məlumat verən şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müəyyən edilib ki, 112 xidmətinə daxil olmuş zəng Ağcabədi rayonundan edilib. Dərhal rayonda əməliyyat tədbirlərinə başlanılıb və məlum olub ki, yalan məlumatı vermiş şəxs Ağcabədi şəhər sakini 1993-cü il təvəllüdlü Cəbrayılov Nurlan Rəhman oğludur.
Bildirilir ki, N.Cəbrayılov hərbi xidmətdən yeni qayıdıb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
*****
17.34
Bakı metrosunda bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasına partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıb. Axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 15:40-da başa çatıb.