Dekabrın 28-də Bakı-Şamaxı yolunda 8 nəfərin ölümünə səbəb olan dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, qəzaya düşən avtomobillərdən birini – 90 KU 103 nömrə nişanlı, tünd metallik rəngli “VAZ 2107” markalı avtomobili hadisə baş verməzdən təxminən 1 saat əvvəl yol polisləri saxlamağa çalışıb. Hətta bunun üçün yol polisləri magistralda hərəkəti dayandırıb və avtomobilin qarşısını kəsərək maşının açarlarını götürməyə cəhd göstərib. Lakin avtomobilin sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu hərəkəti davam etdirib. Bu hadisə həvəskar kamera vasitəsi ilə lentə alınıb və sosial şəbəkələrdə də paylaşılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, yol polisi təqibi davam etdirib. Qəza baş verməzdən bir neçə saniyə öncə də yol polisi avtomobili həmin “VAZ 2107”-yə yaxınlaşıb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, həmin vaxt da, yəni Cəngi qəsəbəsi yaxınlığında N.Qasımov avtomobili saxlamayıb və yüksək sürətlə uzaqlaşıb. 400-500 metr qarşıda isə məlum hadisə baş verib.
Lent.az-a bildirilib ki, qəzadan bir neçə saniyə əvvəl baş vermiş bu olay yol polisi avtomobillərində quraşdırılmış kamera vasitəsi ilə lentə alınıb. Həmin kadrlar da istintaq materialına əlavə edilib. Yol polisi kadrları Lent.az-a təqdim etməsə də, qəzadan öncə “VAZ 2107”-nin yüksək sürətlə polis avtomobilinin üzərinə doğru gəldiyi və onu vurmağa çalışdığı bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Vüsal Məmmədov Lent.az-a bildirib ki, qəzada həlak olmuş Nurlan Qasımovun qohumları onun daha əvvəl 11 dəfə “VAZ 2107” markalı avtomobil aşırdığını danışıblar.
Nurlan Qasımovun dayısı Lətif Orucov Lent.az-a bildirib ki, qəzaya yol polislərinin hərəkətləri səbəb olub: “Yol polisləri bacım oğlunun maşınını saxlayıb onu döyüblər. Maşın arxasıyca düşüb onu qorxudublar və xeyli təqib ediblər. Bu qəzaya da məhz polislərin hərəkətləri səbəb olub. Bacım oğlunun daha əvvəl hansı qəzaları törətməsindən isə xəbərim yoxdur. Əgər törədibsə də, bunun məsələyə aidiyyatı yoxdur”.
Qeyd edək ki, dünən axşam saatlarında qəzada həlak olanların yaxınları və ailə üzvləri əvvəlcə Müşfiqabaddakı yol polisi postu yaxınlığında, daha sonra isə Bakı-Sumqayıt yolunda aksiya keçiriblər. Onlar bildiriblər ki, qəzaya səbəb yol polisinin Nurlan Qasımovun idarə etdiyi avtomobili qeyri-qanuni şəkildə saxlamağa cəhd göstərməsi və təqib etməsi olub.
Məlum aksiya səbəbindən dekabrın 29-da axşam saatlarında Bakı-Sumqayıt yolu təxminən 2 saat bağlanıb. Etirazçılara onların Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul ediləcəyi bildirildikdən sonra yol açılıb.
***
29.12.2013 / 14:18
Daxili İşlər Nazirliyi (DİN) Bakı-Şamaxı yolunda 7 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
*****
19:56
Ölənlərdən biri hərbçidir, o, bayramla əlaqədar evlərinə məzuniyyətə gedirmiş
Qobustan. Elvin Yaqubov -APA. Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölənlərin hamısının adı məlum olub.
Xəstəxanadan APA-ya verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.
Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.
Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.
Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
28.12.2013 / 18:02
Bu gün Bakı—Şamaxı yolunun Qobustan rayonunun Cəngi qəsəbəsi yaxınlığından keçən hissəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, ölən 5 nəfərdən ikisi 90 KU 103 nömrə nişanlı, tünd metallik rəngli “VAZ 2107”-də olub. Həmin avtomobilin sürücüsü isə ağır yaralanıb. Digər avtomobildə, yəni 90 CZ 517 nömrə nişanlı, tünd göy rəngli digər “VAZ 2107”-də isə 3 nəfər hadisə yerindəcə keçinib. Avtomobildə olan hərbçi və digər bir nəfər isə ağır yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə tünd metallik rəngli avtomobilin yüksək sürətlə manevr etməsi səbəb olub. Həmin avtomobildə olan 3 gənc oğlandan 2-si hadisə yerindəcə keçinib.
******
16:18
Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Lent.az-ın məlumatına görə, bu barədə hadisə şahidi, Müsavat Partiyasının Divan üzvü İkram İsrafil Musavat.com-a bildirib. Məlumata görə, “VAZ-2107” markalı iki avtomobil toqquşub. Dəhşətli qəza nəticəsində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri əsgərdir. İkram İsrafil bildirir ki, hələ təcili yardım briqadaları hadisə yerinə çatmayıblar.