Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Azərbaycanda bəzi rayonlararası və magistral yollarda hərəkətə məhdudiyyət qoyulacaq. Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, yolların buz bağlamasına görə bu gün axşam saatlarından etibarən Ağsu dolaylarında, Şamaxı-Muğanlı-İsmayıllı və Quba-Qusar yolunda bəzi avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: "Şinləri qış mövsümünə uyğun olmayan maşınlar həmin istiqamətlərdə hərəkət edə bilməyəcək. Sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərə doğru hərəkət edərkən hər iki oxu aparıcı olan, təkərləri xüsusi zəncirlə təchiz edilmiş avtomobillərdən istifadə etsinlər”.
Yol polisi sürücülərə alternativ yol kimi Bakı-Ələt-Kürdəmir-Qazax və Bakı-Gəndob-Xaçmaz-Rusiya Sərhədi yolunu məsləhət görür.