Ağcabədi rayonunda polislə vətəndaşlar arasında insident baş verib. Lent.az-ın məlumatına görə, Ağcabədi rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin inspektoru, polis baş serjantı Mürsəl Məmmədov yol hərəkət qaydalarını pozmuş avtomobili cərimə meydançasına aparmaq istəyərkən zorakılıqla üzləşib. Avtomobilin açarlarını tələb edən yol polisinə sürücü və onun yaxın qohumu olan Orxan Abdullayev kobud şəkildə etiraz edib. Etiraz daha sonra davaya çevrilib.
Dava zamanı yol polisi Mürsəl Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Bu azmış kimi, onun forması və paqonları cırılıb. Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb. Orxan Abdullayev şübhəli şəxs qismində həbs edilib.