İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında iki polis əməkdaşı ölüb. Lent.az-ın məlumatına görə, bazar günü Gəncə şəhərində Gəncə Şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taborunun əməkdaşı, polis serjantı Mustafayev Rəşad Baris oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada ölüb.
Digər hadisə isə şənbə günü Bakı şəhərinin Xətai rayonu ərazisində qeydə alınıb. Kənar dairəvi yolda (beton yol) "Mersedes" markalı, 90 JL 217 nömrəli yük avtomobili, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis baş serjantı, 1974-cü il təvəllüdlü Quliyev Zaur Qorxmaz oğlunu vurub. O, hadisə yerindəcə keçinib.
Hər iki faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.