İyulun 2-də axşam saatlarında Oğuz rayonunda yağan güclü yağış selə səbəb olub. Lent.az-ın məlumatına görə, bir neçə saat ərzində yağan güclü yağış səbəbindən Əlcan çayında suyun səviyyəsi dəfələrlə artıb və çay məcrasından çıxıb. Selin gücündən Calud kəndində və məcburi köçkünlər üçün salınmış "Azərbaycan 60" qəsəbəsində bir neçə körpü dağılıb. Sakinlərin fərdi təsərrüfatlarına külli miqdarda ziyan dəyib. Sel kənd və qəsəbələrdə xeyli mal qaranı da aparıb.
Qeyd edək ki, selin 3 azyaşlını aparması barədə məlumat yayılsa da, Oğuz rayon İcra Hakimiyyətindən bu məlumatı təkzib ediblər.