Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınıb. DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə 58 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, 12 aprel 2014-cü il tarixdə gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikası istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilib. Onun Azərbaycan Respublikası ərazisinə daxil olmasının qarşısı alınıb və nəticədə sərhəd pozucusu müqavimətlə rastlaşıb geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib, nəticədə 3 kiloqrama yaxın külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülüb.
Bundan başqa, 15 aprel 2014-cü il tarixdə saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilib, sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olublar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə külli miqdarda 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristall formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318, 206, 234–cü maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.