Son 4 ayda Azərbaycanda 69 nəfəri ilan, 21 nəfəri əqrəb sancıb.
Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov söyləyib.
Azər Maqsudov deyib ki, may ayında 16 nəfəri, iyunda 14 nəfəri, iyulda 18 nəfəri, avqustda 21 nəfəri ilan sancıb. İndiyə qədər ilan sancmaları nəticəsində iyun ayında 1 nəfər həyatını itirib. Bu, Salyan rayon Şəkərli kənd sakini, 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovadır. İlan sancma halları Siyəzən, Kürdəmir, Şəki, Qazax, Tovuz, Qəbələ, Bərdə və Yevlaxda qeydə alınıb.
Azər Maqsudov bildirib ki, may ayında 6 nəfəri, iyunda 4 nəfəri, iyulda 7 nəfəri, avqustda 4 nəfəri əqrəb sancıb. Əqrəb sancan şəxslər həkimə müraciət etsələr də, kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib.
Hörümçəyin zəhərli növü olan qara qurd isə iyul ayında olduğu kimi avqustda da 6 nəfəri sancıb. Ancaq həkimə müraciət edən həmin şəxslərdə kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib.