APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 228-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Yusifov Üzeyir Milan oğlunun idarə etdiyi 90-CS-838 dövlət nömrə nişanlı, “Nissan Murano” markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb.
Mühərrikdə qəflətən başlayan yanğın qısa vaxtda bütün avtomobili əhatə edib.
Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı xəsarət almasa da, avtomobil tamamilə yararsız hala düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.