APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 5-də saat 17.00 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Faiq Xudaverdi oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 42 BA 422 dövlət nömrə nişanlı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəranın Aşağı Nüvədi qəsəbə sakini, 1937-ci il təvəllüdlü Hidayət Xəlil oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BL 729 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən müxtəlif dərəcəli bədən xəsarətləri almış “VAZ-2107”-nin sürücüsü və onun yanında əyləşmiş nəvəsi, 2011-ci il təvəllüdlü Zeynəb Rüstəm qızı Məmmədova dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq H. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı Zeynəbin vəziyyəti isə orta-ağır qiymətləndirilir.