Ləğv edilmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun cəzası azaldılıb və qəti olaraq 3 il azadlıqdan məhrum edilib.
16 :35
Ləğv edilmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi prosesdə təqsirləndirilən polkovnik çıxış edib.
O bildirib ki, zərərçəkmiş Vidadi Əzizov xarici ölkənin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb: "O, həmin şəxslər qarşısında öhdəlik götürüb. Biz də onu şübhəli şəxs qismində saxlamışdıq. Mən isə rəhbərliyin göstərişi ilə onun çantasını götürmüşəm"
M.Əzizov günahsız olduğunu və barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Məhkəmə heyəti müşavirə yollanıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz.
Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul Mirəziz Əsgərovun özünə qaytarılması barədə də qərar qəbul edilib.
Mirəziz Əsgərovun özü də məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, günahsız olduğunu, Vidadi Əzizov tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin hökmündən apelyasiya şikayəti verən zərərçəkmiş Vidadi Əzizov təqsirləndirilən Mirəziz Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.
İş adamı Mirəziz Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını da tələb edib.
Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Mirəziz Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququnu itirməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.