Polisi öldürən şəxs Ali Məhkəməyə müraciət edib
25 avqust 2016 10:35 (UTC +04:00)

Polisi öldürən şəxs Ali Məhkəməyə müraciət edib

 

Bakı Apellyasiya Məhkəməsində keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənov birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə,  hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri məhkəmənin ilkin baxış iclasından apellyasiya şikayəti verib. Buna görə proses qeyri-müəyyən vaxta kimi təxirə düşüb.  İşə Ali Məhkəmədə baxılacaq.

 

Qeyd edək ki, ötən ilin avqustun 28-də Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra R.Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.

 

Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb. Onun üzərindən “Makarov” tipli tapança götürülüb.

 

Qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşı olub. Araşdırma zamanı məlum olub ki, R.Həsənov N.İbrahimovu qız üstündə güllələyib.

 

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi apellyasiya şikayəti verib.

 

Onu da qeyd edək ki, R.Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması haqda məlumat yayılıb.

 

# 266
avatar

Səlcuq Elçin

Oxşar yazılar