Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə BTRİB-in baş mühasibi olmuş Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib. Vəkil bildirib ki, birinci instansiya məhkəməsində kobud prosessual qaydalar pozulub: "Baxın, dəymiş ziyan ayrı-ayrılıqda verilib. Təqsirləndirilən şəxslərin hamısı ziyanı ödəyib. Anar Mustafayevə dövlətə vurduğu 567 min manata görə ittiham verilib. Anar Mustafayev bu məbləğlə razılaşmasa da, qohumları tərəfindən dəyən ziyan ödənilib. Amma birinci instansiya məhkəməsinin hökmü ilə onun əmlaklarına həbs qoyulur. Niyə? İttiham 567 min manat deyilmi? Həmin məbləğ ödənilib. Gördüyünüz kimi, kobud qayda pozuntuları var".
Gülşən Salmanova qeyd edib ki, müdafiə etdiyi şəxs artıq 3 ilə yaxındır həbsdədir: "Bu, Anar Mustafayevin islah olunmasına bəsdir. Bunlar adam öldürən deyillər. Pul da ödənilib. İqtisadi cinayətlərdə zərər ödənilərsə, həbsiz cəza verilməlidir. Ona görə müdafiə etdiyim şəxslə bağlı bəraət hökmünün çıxarılmasını istəyirik".
Anar Mustafayev də vəkili ilə razı olduğunu, cinayət törətmədiyini deyib: "2 ildir cəmiyyətə bizi korrupsioner kimi tanıdıblar. Jurnalistlər burdadı, gedib araşdırsınlar. Əgər bizim dövlətin əmlakını mənimsədiyimizi sübut etsələr, çıxıb bütün Azərbaycan xalqından üzr istəyəcəm. İndi mənin uşaqlarım balacadır, elə bilirlər, Türkiyədəyəm. Böyüyüb deməyəcəklər ki, ata, sən korrupsionersən?! Nə deyəcəm, mən indi bunu sübut etmək istəyirəm ki, mən korrupsioner deyiləm".
Daha sonra təqsirləndirilən "AzinTelekom"un rəhbəri olmuş Cəlil Cəfərovun vəkili çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməlidir: "Cəlil Cəfərova ittiham öz ifadəsi üzrə verilib. Ona nazirlik tərəfindən hər ay 50 min manat pul verilib. Bu pulu o, özünə deyil, prezidenti olduğu "Rabitə" voleybol klubuna xərcləyib. Azərbaycan bayrağını hər zaman yüksəyə qaldıran şəxs olub. Xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb".
Cəlil Cəfərov da ifadəsində qeyd edib ki, hər zaman dövlətinə sadiqdir: "Mən həmişə dövlətim, bayrağım üçün çalışmışam. Nələrsə baş veribsə, bu, o demək deyil ki, biz inciməliyik. İndi də dövlətimə xidmət etməyə hazıram. Öz sahəmdə xidmətim olub. Heç vaxt işimdə nöqsan olmayıb. "AzinTelecom" da heç bir nöqsan tapılmadı. Ona görə bəraət tələb edirəm".
Prosesdə təqsirləndirilən Namazalı Məmmədovun vəkili Könül Əliyeva çıxış edib. O da çıxışında birinci instansiya məhkəməsinin hökmündən narazı olduğunu deyib: "Hökm elan olunanda biz gördük ki, Namazalı Məmmədov barəsində bir dənə də yüngülləşdirici hal nəzərə alınmayıb. Baxın, ittiham tərəfi deyir ki, Namazalı Məmmədov 4 milyon pul mənimsəyib. Lakin Namazalı Məmmədovun gördüyü işlərlə bağlı Rabitə Nazirliyinin ona 15 milyon manata yaxın borcu vardı. Namazalı Məmmədov alacağı məbləğdən imtina elədi. Qalan pulu dövlətə bağışladı. Lakin bunlar nəzərə alınmadı. Namazalı Məmmədovun himayəsində 93 yaşında, gözü heç görməyən anası və azyaşlı övladı var. Lakin bu da hökmdə nəzərə alınmadı. Digər təqsirləndirilən şəxslərdə bu nəzərə alındı və həbsiz cəza verildi. Pulu 4 qat əlavə ödəsə də, əmlaklarına həbs qoyublar. Həmçinin hazırda Namazalı Məmmədovun banka 2 milyona yaxın borcu var. Bu da dövlətin verdiyi sifarişləri yerinə yetirməsi ilə əlaqədardır. Məhkəmə istintaqı dövründə bir nəfər şahid də gəlib Namazalı Məmmədovun əleyhinə ifadə verməyib. Biz tələb edirik ki, Namazalı Məmmədov barəsində bəraət hökmü çıxarılsın və məhkəmədən azadlığa buraxılsın".
Namazalı Məmmədov özü də dövlətin ona borcu olduğunu deyib: "Mən burdan çıxmağı belə işin sonu hesab etmirəm. Çünki mənim əmlaklarım həm dövlət, həm də banklar tərəfindən həbsdədi. Mən öz mülkümü zamin qoyub dövlətin verdiyi sifarişləri yerinə yetirmişəm".
Daha sonra Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov danışıb. O da müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını tələb edib: "Vidadi Zeynalov yalnız və yalnız rəhbərliyin əmrlərini icra edib. Səhhətində ciddi problemlər var. Ona görə bəraət verilməsini istəyirik".
Çıxış edən Vidadi Zeynalov qeyd edib ki, özünü yalnız dövlət qarşısında günahkar sayır: "Yalnız prezidentdən əfv istəyirəm. Axır-əvvəl mən haqqımı alacam. Ağır günlər keçirmişəm. Həbsdə karsa düşdüm, polis nəzarətində saxlanıldım və s. Hər şehə dözərəm, amma qanunların pozulmasına dözmərəm. Biz heç vaxt dövlətin əmlakını mənimsəməmişik. Hər şey bir qırağa, mənim 32 illik dövlət qulluqçusu olduğum və 8 kitab yazdığım nəzərə alınmadı. Eləmədiyim əmələ görə, burda cəza çəkirəm. Şişirdilmiş məbləğə də razı olub, ödədim. Yalnız bunlar nəzərə alınmadı. Bu məhkəmədən bəraət gözləyirəm. Bütün qohumlarımın əmlakları həbs edildi. Məgər Vidadinin qohumlarıdısa, evsiz olmalıdırlar? Küçədə qalmalıdırlar? Axır-əvvəl haqq öz yerini tutacaq. Çünki mənə tapşırılan hər şeyi sədaqətlə icra etmişəm".
Daha sonra Rabitə Nazirliyinin nümayəndəsi çıxış edərək apellyasiya şikayətinin təmin olunmamasını tələb edib. Məhkəmə prosesi oktyabrın 31-də davam edəcək.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmğv və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək rul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-ortik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən ararıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Ararat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərroçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Ortik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərroçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Ararat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edib.