Qohumunu öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış edərək, A. Ağayevə 20 illik həbs cəzası verilməsini istəyib.
Proses fevralın 14-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2015-ci ilin dekabrında Saray qəsəbəsinindəki Rövşən Nəbiyev küçəsi 23 ünvanında qeydə alınıb. Belə ki, bir gün əvvəl təşkil olunan “ciyər axşamı”nda düşən mübahisə bir nəfərin ölümünə səbəb olub. Toya hazırlıq görən Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün “ciyər axşamı” məclisi təşkil ediblər. Məclisdə iştirak edən qonaqlardan biri - ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zamanı Arif Ağayev bıçaq çıxarıb. Ev sahibinin başqa bir qohumu, 45 yaşlı Əlibaba Məmmədov dalaşanları ayırmaq istəyib. Bu zaman bıçaq Əlibalanın döş nahiyəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayev Əlibala Məmmədovun öldüyünü gördükdən sonra hadisə yerini tərk etsə də, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yerinin müəyyən edərək, həbs ediblər.