Yanvarın 5-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Heydər Əliyev prospektinin üzərindəki asma körpüdən özünü ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən 27 yaşlı Rəfael Hümbətov xalası qızı ilə nişanlı imiş. Əsəb xəstəliyindən əziyyət çəkən gənc bir müddət əvvəl də özünü öldürməyə cəhd göstərib.
Məlumata görə, R. Hümbətovun buradakı həyata uyğunlaşa bilmədiyini görən yaxınları onun Rusiyaya getməsini məsləhət biliblər. R. Hümbətov həmin vaxt xalası oğlu ilə Rusiya şəhərlərindən birinə yollanıb. Lakin bir neçə günlük yuxusuz gecələrdən sonra onun əsəbləri yenə dözməyib və Rafael Rusiyada körpünün üstünə çıxaraq özünü atmağa cəhd göstərib. Həmin vaxt onun həyatını xilas etmək mümkün olub. Daha sonra Azərbaycana qayıdan gəncin problemləri həll olunmayıb. Nərimanov rayonunda ailə üzvləri ilə birlikdə yaşayan R. Hümbətov tez-tez öz-özünə danışırmış. Yaxınları həmişə onun özünə nə isə edə biləcəyindən qorxurmuş. Bu səbəbdən də ailə üzvləri onun nişanlanmasını və bu yolla ailəyə başının qarışmasını istəyiblər. Lakin bir neçə ay əvvəl xalası qızı ilə nişanlanan oğlan yanvarın 5-nə keçən gecə intihar edib.
Qeyd edək ki, hadisə vaxtı xilasedicilər brezent açsa da, R.Hümbətovu xilas etmək mümkün olmayıb.
******
05.01.2014 / 16:19
Sabunçu rayonunda bir gənc intihar edib. APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söyləyib.
Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və polisə bu barədə məlumat veriblər. Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.
Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.