Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, prosesdə E. Əliyevin xəstəliyi ilə əlaqədar təyin edilmiş tibbi ekspertizanın nəticəsi oxunub. Ekspert rəyinə görə Etibar Əliyev məhkəmə proseslərində iştirakı qeyri mümkündür. Buna görə də Etibar Əliyevin işi rəhbərlik etdiyi dəstənin işindən ayrılıb ayrı icraata verilib. Dövlət ittihamçısı da ekspert rəyini dəstəkləyib. Buna görə də barəsindəki işin icraatı Etibar Əliyev sağalanadək dayandırılması barədə qərar verilib
Digər təqsirləndirilənlərin məhkəmə prosesi isə ayrıca davam etdiriləcək.
Qeyd edək ki, məhkəmə prosesi çərçivəsindəki daha öncə keçirilmiş iclasında E.Əliyevin
vəkili çıxış edərək, bildirib ki, müdafiə etdiyi şəxs xəstə olduğu üçün uzun müddət prosesdə iştirak edə bilməyəcək. O, Etibar Əliyevin xəstəliyinin nəzərə alınaraq onun cinayət işinin ümumi cinayət işindən ayrılmasına və ayrıca baxılmasına qərar verilməsi ilə bağlı vəsatət verib. Həmin vəsatət məhkəmədə müzakirə olunduqdan sonra E. Əliyevin barəsində tibbi ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul olunub. Prosesdə Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyev də çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. Hakim vəsatətin növbəti proses zamanı müzakirə olunacağını bildirib.
Onu da, qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.
E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.
Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.