Türkiyənin Mərsin şəhərində psixologiya üzrə ixtisaslaşan tələbə qız Özgəcan Aslanın çərşənbə günü evinə yollanarkən oğurlanaraq zorlandıqdan sonra amansızlıqla öldürülməsi Türkiyədə qadın zorakılığı məsələsini gündəmə gətirib. Bu hadisə Azərbaycanda da böyük narazılıqla qarşılanıb. Hər iki ölkədə sosial şəbəkə istifadəçiləri müxtəlif kampaniyalara qoşulublar.
Lent.az-ın məlumatına görə, Türkiyədə məlum hadisə ilə bağlı “sendeanlat” haştaqı altında sosial kampaniyaya başlayıblar. Zərif cinsin nümayəndələri özlərində cəsarət tapıb kişilər tərəfindən onlara qarşı edilən zorakılıqları bu haştaqla yazırlar. Bır sıra azərbaycanlı “facebook” istifadəçiləri də bu aksiyaya qoşulublar və başlarına gələnləri yazıblar. Həmyerlilərimizin tükürpədici və dəhşətli etiraflarını şərti adlarla təqdim edirik.
22 yaşlı E. Quliyeva yazır: “12 yaşında idim. Məktəbdən evə qayıdanda anamla atamın harasa tələsdiklərini gördüm. Dedilər ki, nənən xəstədir, ona görə də evdə tək qalma, bibingilə get. Mən də getdim gördüm ki, bibim qızı və bibim oğlu tv-yə baxırlar. Hava qaralmışdı, bibim oğlu bacısına dedi ki, get dükandan evə çörək al. Dükan evə çox yaxın idi, elə buna görə də bibim qızı evdən çıxan kimi bibim oğlu yanıma gəldi. Mən kənara çəkilirdim, amma o gəlirdi. Qorxmağa başladım və dedim ki, mən gedirəm evə. Məni itələdi, yıxıldım və başladı təcavüz etməyə. Qışqırdım, əlini tutdu ağzıma. Mən çabalayırdım, çırpınırdım, bu əl çəkmirdi. Kənarda güldan sataşdı gözümə, əlimi atdım güldana, götürüb olan gücümlə vurdum başına. Bu hadisə o yaşda mənimçün çox ağır travma oldu. Günlərcə özümə gələ bilmədim və bu barədə heç kəsə bir söz deyə bilmədim. Çünki hər gün dərsdən çıxanda gəlib məni hədələyirdi ki, kiməsə desən başına oyun açacam. Mn də qorxumdan heç kimə deyə bilməmişdim. İndi də yadıma düşəndə gözlərim dolur. Düşünürəm ki, bəzi insanlar dünyaya uşaq gətirmək haqqından məhrum olmalıdırlar”.
26 yaşlı A. Vəliyeva: “Yadıma düşən ilk təcavüz13-14 yaşlarımda evlərinə tez-tez gedib-gəldiyim ailənin oğlundan olub. Nəyinsə düzgün olmadığını əlinin köynəyimin altına doğru getdiyini anlayanda, durub qaçmışdım. 17 yaşımda axşam hazırlıqdan qayıdanda bığlı bir kişi qarşımı kəsib qarşımda masturbasiya etmişdi. Atam vaxtında catdı (amma o adamı tuta bilmədi), yoxsa bu işin ardının nə ola biləcəyini təsəvvür eləmirəm. 19-20 yaşımda universitetdə boş otaqdaykən böyük kurslardan biri girib tanış olmaq istəyirdi, şillə vurub qaçmışam. 4-cu kursda 60-dan, masterin 1-ci kursunda 80-dan cox yaşı olan müəllimlərimin təcavüzünə uğramışam. İkincisi universitedən qovuldu ve bir müddətdən sonra öldü. İl yarım nişanlı qaldığım oğlan “mən kişiyəm, mənim dediyim olacaq” (Öz axmaqlığım). Bunun da bir təcavüz növü olduğunu sonraan öyrəndim. 24-25 yaşımd olanda axşam blokda tanımadığım adamın hücumuna məruz qalmışam. Nə etmək istədiyini bilmirəm, əlinə bol-bol ətir vurub boğmağa çalışırdı. Birtəhər qışqırdım, qonşular çıxdı, o da məni itələyib qaçdı. Avtobusda saysız-hesabsız sürtüşmələrdən danışmadım. Əvvəllər qorxurdum, səsimi çıxarmırdım. İndi inanmıram kimsə buna cəsarət etsin"
25 yaşlı İ. Əliyeva: "İlk dəfə təcavüz(yəni, bir növü) cəhdi ilə bir yaşlı qohumumuz tərəfindən rastlaşmışam. Usaq idim hələ. Lap usaq. Nə baş verdiyini anlamadım qaçdım o yerdən. Bir dəfə 18 yaşımda hava qaralan vaxtı rəfiqəmgildən gəlirdim. Bir oğlan qarşıma çıxıb, qışqırdı ki, şəhərə gedirsən? Səninləyəm. Şəhərə gedirsən? Elə qorxmuşdum ki, səsimi də çıxara bilmədim. Anlaya bilmirdim ki, hansı hərəkətimlə bu davranışına əsas vermişəm.
Xoşbəxtlikdən məni qarşılamalı olan atam tez gəlib çıxdı. Atamla getdim evə. Sonra 19 yasimda kitabxanaya getmişdim. Kitabxanaya işə düzəlməli idim. 70 dən artıq yaşı olan kitabxana müdiri otağında əlimdən tutmağa çalışdı. Çox qorxdum. Tez uzaqlaşdım oradan və bir daha da o adam işdən çıxmayınca, ora getmədim. Avtobusda yaxınlaşmaga çalışan adamların isə cavabını verməyə çalışmışam. Hələlik ki, bunlar düsür yadıma"